
Bu ilin oktyabrında yerli memarlıq fakültələrinin buraxılış diplom işlərinin Beynəlxalq baxış müsabiqəsi keçiriləcək. Tədbirə ABŞ-dan Amerika Arxitektura İnstitutunun ("American İnstitute of Architects"/AİA) Nyu-York bölməsinin icraçı direktoru Rik Bell və prezidenti Lans

Cey Broun da qatılmaq arzusundadır. Arxitekturanın bu nüfuzlu simalarının Bakıda olmasından yararlanmaqla AİA-ya üzvlük çox asan olardı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi, Azərbaycan Memarlar İttifaqının üzvü İlqar Əliyevin fikrincə, həmin təşkilata üzvlük yerli memarlara dünyanın hər yerinə qapıları açıq tuta bilər.
İlqar müəllim xaricdə nüfuza malik olan mütəxəssisdir, üzvü olduğu Amerika İnşaat Dizayn İnstitutunun (AİDİ) bir neçə dəfə "Amerika inşaat dizaynı mükafatları" (American Residential Design Awards) müsabiqəsinin qalibi (1997, 1998) və ikincisi (2008, 2013) olub.
"Bütün ailə üçün böyük ev" layihəsi hələlik onun sonuncu beynəlxalq uğurudur - layihə adıçəkilən müsabiqənin "Konseptual dizayn" nominasiyasının qalibidir. Müəllif iki şərti adada yerləşən və körpü vasitəsilə birləşən fərdi evin layihəsilə münsiflər heyətinə böyük bir ailənin yaşlı və gənc üzvlərinin birlikdə yaşamasının mümkünlüyünü sübut edib. Dediyinə görə, layihə Şərq fəlsəfəsinin bəhrəsi olsa da, bu konsepsiya həm də böyük ailədən uzaq düşən Qərb üçün nümunədir.
İlqar Əliyev qlobal miqyaslı müsabiqədə 1997-ci ildən iştirak edir və qarşısına Azərbaycanı dünyada tanıtmağı məqsəd qoyub. Hesab edir ki, Bakını ən cəzbedici, ən gözəl paytaxt etmək mümkündür və bunun üçün "velosipedi yenidən ixtira etməyə" ehtiyac yoxdur - sadəcə memarlıq sənətinə və normativlərinə qiymət qoyulmalıdır.
Beynəlxalq nailiyyətləri və memarlıq sahəsindəki nüfuzu onu dəyərli söz sahibi edir. İlqar Əliyevlə müsahibəni diqqətinizə çatdırırıq.
- Bu il keçmiş "Sovetski" küçəsində evlər alınıb sökülməyə başladı və sonra hər şey elə bil donub qaldı. Bu barədə və ümumiyyətlə, bu ərazi barədə bir memar kimi nə deyə bilərsiniz?
- Bir vətəndaş kimi onu deyə bilərəm ki, ora çox acınacaqlı və biabirçı vəziyyətdədi, bu ərazini, ümumiyyətlə, belə vəziyyətdə saxlaya bilmərik. Mən bir konsepsiya təklif etmişəm. Mahiyyəti ondan ibarətdir ki, bu ərazidə olan tikililəri tam yox, yalnız sovet dövründə tikilən və tarixə aidiyyəti olmayan tikililəri sökməklə onu qədimləşdirmək olar. Hər məhəllənin ərazisini yaşıllıqla bol etmək və bu əraziyə BAYIR ŞƏHƏR adı verməklə turistlər üçün gözəl, tarixi qədim olan bir məkana çevirmək mümkündür. Soruşacaqsınız ki, niyə Bayır şəhər? Milli Elmlər Akademiyasının "Memarlıq abidələrinin qorunması və bərpa problemləri" şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə xanım Əliyevanın fikri ilə desək, bu ərazinin müasir memarlığında orta əsr tikililərinin çoxunu XIX-XX əsrin əvvələrində inşa olmuş tikililər əvəz etsə də, məhəllələrin şəhərsalma quruluşu özünü saxlamışdı. Yəni bu ərazinin tarixinin İÇƏRİ ŞƏHƏRDƏKİ Şirvanşahlar dövrü ilə bağlılığı var. Bu barədə mən bu ilin əvvəlində Nyu-York şəhərində olanda Amerika Arxitektura İnstitutunun qərərgahında memarlıq doktoru Mark Xidekel ilə söbət etdim və dünya praktikasında belə ərazilərin aqibəti haqda soruşdum. Mark Xidekel Sankt-Peterburq şəhərində çox tarixi binalar və ərazilərin bərpa layihələrinin müəllifidir. Bununla belə, o, Nyu-Yorkun Kolumbiya universitetinin professoru, qədim şəhərlərin bərpası və qorunması üzrə aparıcı mütəxəssis Corc Oteqo Paylos ilə məsləhətləşərək bildirdi ki, "Sovetski"nin turizm mərkəzi kimi saxlanması məsləhətdir, çünki bu ərazi gələcəkdə büdcəyə milyonlarla gəlir gətirəcək. Onun sözlərinə görə, bu sahədə yardım göstərməyə hazırdırlar. Mən də bu mövzuda başqa layihələrə alternativ variant kimi öz təklifimi vermişəm və gözləyirəm, inşallah bəyənilər.

- Yeri gəlmişkən, Sizin beynəlxalq müsabiqələrdə qalib olan işlərinizdə əsas hansı meyarlar nəzərə alınıb?
- Mənim işlərimdə əsasən Abşeron tərzi diqqətləri cəlb edib. Bakının xarakterik iqliminə məxsus layihələrim xaricdə daha çox maraqla qarşılanır. Düşünürəm ki, Azərbaycan memarlığının özünün xüsusi cizgiləri var və bu da başqa ölkələrdə seçilir və maraq doğurur.
- Hazırda yeni memarlıq layihələrində sizi qane etməyən məqamlar varmı?
- Əsas məsələlərdən biri bəzi layihələrdə əlillərin və yaşlı insanların nəzərə alınmamasıdır. Məsələn, böyük parkın tikilməsi hamıya sevinc gətirir. Nəzərə alsaq ki, parkda əsasən yaşlı təbəqə, uşaqlar, eləcə də əlillər istirahət edir, bu zaman parka daxil olmaq üçün rahat keçidlərin olması vacibdir. Parka keçidlərdə sıfırdan başlayan panduslar olmalıdır, yanı üstə qoyulmuş bordür daşı problemi həll etmir. İkinci məsələ isə yeni yaradılan memarlıq nümunələrinin təkcə paytaxtda deyil, bölgələrdə də layihələndirilməsidir. Çox istərdim ki, bölgələrimizdə gözəl müasir memarlıq nümunələri yaradılsın, bu sahə inkişaf etsin. Böyük memarlıq nümunəsi olan daha çox muzey və başqa binalar tikilsin. Məsələn, Almaniyanın Essen şəhərində dünyanın tanınmış ingilis memarı Foster tərəfindən RED DOT böyük dizayn muzeyinin layihəsi verilib.
- Yeni layihələriniz, planlarınız varmı?
- Mən hündürmərtəbəli binaları layihələndirmirəm. Bu günə kimi 80-dən çox bir neçə mərtəbəli ev və 50-dən artıq interyer layihəsinə imza atmışam. Son böyük layihəm Ələtdə inşa olunacaq dəniz limanının sərnişinlər üçün nəzərdə tutulan vağzal hissənin eskizi olub.
Fikrimcə, nəinki paytaxtın bütöv inşaat sektoru, hətta ayrı-ayrı tikililər vahid fəlsəfə konsepsiyanı ehtiva etməlidir. Təəssüf ki, Bakıda memarlıq mədəniyyətinə aidiyyəti olmayan evlər tikilməkdədir. Sifarişçilər çox zaman memarlara müraciət etmədiyindən mərkəzdən kənardakı massivlər ümumi görüntünü ürəkaçan etmir. Lakin nikbin olmağa dəyər - meyarlar yenidən "dəbə minir", gələcəkdə qlobal sənətə çıxışı olan peşəkarların sayı artacaq. Belə ki, 2012-ci ildə Rusiyanın Krasnoyarsk şəhərində "Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı"n keçirdiyi beynəlxalq müsabiqədə 17 azərbaycanlı tələbədən 11-i birinci, 5-i ikinci, bir nəfərsə üçüncü yerə layiq görülüb. Müsabiqədə azərbaycanlı memar tələbələrin diplom işlərinin yüksək səviyyəli olduğu xüsusən qeyd olundu. Bu nailiyyətlərin əldə olunmasında universitetimizin rektoru, Milli Məclisin üzvü, professor Gülçöhrə Məmmədovanın memar kimi professionallığı və gözəl zövqü böyük rol oynayır. Dünya praktikasına üzümüzü tutsaq, deyə bilərəm ki, memar daha çox gördüyü işlə yox, savadı və memarlıq sahəsində dünyada gedən proseslərə nə dərəcədə qatılması ilə fərqlənməlidi. Ən əsası sifarişçi memarın yüksək profisionallığını sübüt edəcək sənədini görməlidi, yəni kimsə memarın yüksək savadına zamin durmalıdı. Buna görə də yerli memarlar Beynəlxalq peşəkar birliklərə can atmalıdır.
- İlqar müəllim, Azərbaycan Memarlar ittifaqı bu işi görə bilməzmi?
- Xeyr, görə bilməz, cünki bu, ayrı-ayrı məqsəd daşıyan birliklərdi. Mən bu barədə Memarlar İttifaqının qurultayında dedim ki, ittifaqın nizamnaməsini dəyişərək dünya praktikasında qəbul olunmuş formaya salaq. Bu o deməkdi ki, memarlar birliyinə korporativ üzvlük olur, yəni fiziki şəxslərdən başqa, memarlığa dəxli olan böyük korparasiya və firmalar ora üzv olur. Onlar böyük üzvlük haqqı verir və bunun hesabına memarlar sertifikatını qüvvədə saxlamaq üçün imtahanlar verir və kateqoriyalar alırlar. Yəni memarların biliyində fasiləsiz təhsil sistemi mövcud olur. Memar fəaliyyət göstərdiyi müddetdə ömrü boyu təhsil alır. Hər hansı şirkət istehsal etdiyi məhsul haqda məhsulun tərkibinin təhlükəsizliyinə dair keyfiyyət sertifikatı alırsa, bəs tikilinin memarlığa yararlılığı, gözəlliyi haqda sertifikat hardan alınsın.
- Xaricdən memarlar dəvət etmək nə dərəcədə vacibdir?
- Azərbaycanda bacarıqlı memarlar olub, indi də fəxr ediləsi memarlarımız var. Gələcəyimizə də nikbinliklə baxıram. Ancaq bir əmması var. İnkişaf rəqabət olan yerdə olur. Birincisi, dünyanın tanınmış memarlarının ölkəmizə gəlməsi ilə dünyaya nümayiş etdiririk ki, biz böyük varlı ölkələrlə ayaqlaşmağa qadirik. İkincisi, dəvət edilmiş memarın yanında işləyib ondan lazım olan bilikləri öyrənməklə yanaşı, məşhur və nüfuzlu memarın adı, onunla birlikdə işləmək memarımıza dünyaya qapılar açar. Üçüncüsü, başqa memarın bazara girməsi canlanma, rəqabət yaradır - yerli memarlar özlərini ondan yaxşı olduğunu sübüt etməyə çalışacaqlar. Əks halda yerimizdə sayacağıq. Mən həmişə dərs dediyim kafedrada tələbə memarları daha güclü savad almağa çağırıram. Bacardığım qədər bilik verirəm ki, orta nəsil güclü gənc nəslin gəlməsini hiss etsin və yerini itirməmək üçün o da irəli getməyə can atsın. Əks halda gənc nəsil onun yerini tutacaq.
- Payızda Bakıda beynəlxalq müsabiqə keçiriləcək. Bu barədə bir qədər məlumat vermənizi xahiş edirəm...
- XX əsrin ortalarında keçmiş SSRİ-də memarlıq fakültələrinin buraxılış diplom işlərinin baxış müsabiqəsi yaradılmışdı. Hər il sovetlər məkanının başqa-başqa şəhərlərində keçirilirdi. 1981-ci ildə Bakıda keçirilmişdi. SSRİ dağılandan sonra da bu müsabiqə davam etdi. 1998-ci ildə bu təşkilat Memarlıq təhsilini təşviq etmək üçün Beynəlqalq İctimai Təşkilat (MOOCAO) adını aldı. 2012-cü ildə Krasnoyarsk şəhərinə növbəti baxış müsabiqəsinə gedəndə hörmətli rektorumuz professor Gülçöhrə xanım Məmmədova növbəti müsabiqələrdən birinin Bakıda kecirilməsi ilə bağlı MOOCAO-nun sədri Sergey Vladimiroviç Brovjenko ilə şifahi söhbət etməyimi tapşırdı. Sərgi keçirilən vaxt bizim universitetimizin diplom işlərinin yüksək olduğunu gördülər.
Sergey Vladimiroviçlə dostlaşdıq və növbəti müsabiqələrdən birinin Bakıda keçirilməsi haqda rektorumuzun təklifini ona çatdırdım. Əvvəl bir az çaşdılar, bizim haqqımızda qeyri obyektiv düşüncədə idilər. Onlara müasir sivil ölkə, demokratik dövlət olduğumuzdan, Prezidentimizin insan hüquqlarına böyük yer verməsindən və onun sayəsində ölkədə böyük inkişaf getməsindən, dövlət başçımızın rəhbərliyi altında respublikamızın böyük tikinti meydanına çevrilməsindən, dünyanın tanınmış memarlarının ölkəmizə dəvət almasından danışdım. Dostum və həmkarım Nemet Əzizovla birlikdə çox ağır zəhmətimizdən sonra müsabiqənin son hesabat iclasında təklifmiz müzakirəyə qoyuldu və böyük əksəriyyətin razılığını aldıq. 2013-cü ildə Sankt-Peterburq şəhərində növbəti baxış müsabiqəsinə rektorumuzun yazılı müraciətini apardıq. Bu dəfə nümayəndə heyəti dörd nəfərdən ibarət idi - prorektorumuz Nərgiz xanım Abdullayeva, dekanımız Zahidə xanım Məmmədova, kafedra müdiri Nizami müəllim Nağıyev və mən. Orda hər universitet müəllimi ilə ayrı-ayrılıqda söhbət apardıq və növbəti müsabiqənin Bakıda olmasının hamıya xeyirli olacağına inandırdıq. Baxış müsabiqəsinin hesabat iclasında prorektorumuz Nərgiz xanım Abdullayeva rektorumuzun məktubunu oxudu. Başqa şəhərlərdən müraciətlər olsa da, iştirakçıların demək olar ki, 99%-i bizə səs verdi. İnşaalah bu il növbəti müsabiqə Bakıda olacaq.
- ABŞ memarlarının bu müsabiqəyə qatılacağı da maraq doğurur...
- Nyu-Yorkda suprematizmin banisi Lazar Xidekelin oğlu memar Mark Xidekel tərəfindən Lazar Xidekel Fondu yaradılıb.
(Suprematizm (lat. supremus - ən yuksək) - 1910-cu illərin ilk yarısında binövrəsi K.S.Maleviç tərəfindən qoyulan avanqard incəsənətdə istiqamətdir. Abstraksionizmin növlərindən biri olaraq suprematizm özünü sadə həndəsi cizgilərin kombinasiyaları (kvadrat, düzbucaq və dairə) şəklində ifadə edir, rəngarəng və müxtəlif ölçülü həndəsi formaların birləşməsi daxili hərəkətlə dolğun, balanslaşdırılmış asimmetrik suprematik kompozisiyalar yaradır)
Həmin fondun başqa üzvləri, o cümldən öncə adını çəkdiyim memarlar və inkişaf etmiş ölkələrdə muzey layihələrinin müəllifi, dünya miqyasında tanınmış memar Daniyel Libiskind də bu fondun üzvüdürlər. Onlar bu müsabiqədə iştirak edib ən yaxşı memarlıq işinə qiymət vermək, onun müəllifini fondun xüsusi mükafatı ilə təltif etmək üçün Bakıya gəlmək arzusundadırlar. Fondun prezidenti Mark Xidekel universitetimizin rektoru Gülçöhrə xanımın adına məktubla müraciət edib. Rektorumuz bu müraciəti müsbət qarşıladı və fondun münsiflər heyətini Bakıya dəvət etdi. Onu da deyim ki, Gülçöhrə xanım təkcə bu müsabiqəni deyil, təhsilə xeyir verəcək istənilən ideyanı alqışlayır. İstər müəllim, istərsə də tələbənin verdiyi təklif səmərəli və təhsilin inkişafına xidmət edirsə, o, maliyyə dəstəyi tapacaq və rektorumuz həmin ideyanın həyata keçməsinə yardım edəcək.
- Siz hər il beynəlxalq müsabiqəyə iş göndərirsiz, bu il hansı mövzuda iş göndərəcəksiz?
- Çox təəssüf edirəm ki, bu il müsabiqəyə iş göndərə bilməyəcəyəm, səbəbi Bakıda nəzərdə tutulan müsabiqədir. Mənə bu müsabiqədə koordinatorluq tapşırılıb və indidən diplom işlərinin seçilməsi ilə bağlı tələbələrlə işləmək məcburiyyətində olduğum üçün müsabiqədə iştirak etməyə vaxtım yoxdu. Bunu deyim ki, ilin əvvəlində başqa bir beynəlxalq müsabiqəyə iş göndərmişəm. Bu iş analoqu olmayan qeyri-ənənəvi memarlıq konstruksiyası, mərtəbə anlayışı olmayan hündürmərtəbəli bostan layihəsidi.
- "Architecture.az" saytında gördüm ki, ABŞ-da bir neçə dəfə şəhərsalma ilə bağlı universitetlərdə seminarlarda olmusunuz. Həmin tədbirlərdə Azərbaycanda şəhərsalma ilə bağlı problemlərin həll olunmasında tətbiq ediləsi nəsə tapırsınızmı?
- Deyirlər ki, Bakıdakı problemlər avtomobillərin çoxluğundan qaynaqlanır. ABŞ-da elə şəhərlər var ki, orada ictimai nəqliyyat yoxdur, hamı öz avtobobilində hərəkət edir. Şəhər elə bölünüb ki, müxtəlif məqsədli avtomobillər ayrı-ayrı yollarla hərəkət edir. Bununla şəhər planlaşdırıcıları məşğul olmalıdı - bizdə isə belə bir sənət haqda anlayış yoxdu. Hesab edirem yollarda istiqamətlər biri-birindən ayrılmasa, heç nə düzəlməyəcək. Yəni xəstəxanalar, ofislər, mağazalar (hətta profilinə görə də), təhsil müəssisələri xaotik şəkildə yox, biri-birindən ayrı cəmləşməlidir ki, adamlar nəsə axtaranda şəhərin bu başından o başına yollanmasın. Bununla yol hərəkətinin intensivliyini azaltmaq, tıxac yaranmasının qarşısını almaq olar. Analiz etmək lazımdır ki, hansı obyektlərin yerini dəyişdirmək məqsədə uyğun olar. Lakin bir günün içində yox - xüsusi proqram əsasında. Əlbəttə, tikilən yolların enli olmasını, keçidlərin, körpülərin tikilməsini ancaq alqışlamaq olar. Lakin bunlar 2-3 ilə ancaq kifayət edər, ölkədə gedən iqtisadi inkişaf nəticəsində 2-3 ilə avtomobillərin sayı 2-3 dəfə artacaq. Bəs onda nə edəcəyik? Sadə bir misal gətirim, 100 kvadratmetrlik yaşayış evinin sahibinin 2 və ya 3 avtomobili ola bilər. Ancaq 100 kvadratmetr ofisdə 20-25 adam işləyə bilər. Və onların hərəsinin avtobobili olsa, yollarda nə baş verəcək? Deyirlər, yeraltı qarajları var. Həmin yeraltı dayanacağa gəlib çatmaq lazımdır. Buna görə də, şəhərin içində gərək ofis binalarının tikintisinə icazə verilməməli idi. İş işdən kecib. İndi təkcə yolları genişləndirməkdən başqa metodlar axtarmaq lazımdır ki, avtomobil sıxlığı az olsun. Düşünürəm ki, əgər ölkəmizdə turizm yüksək xətlə inkişaf etsə, yaxın gələcəkdə sahibkarlar ofis binalarini otelə çevirəcəklər. Bu halda həmin binalara gələn avtomobillərin sayı qat-qat azalacaq. Təzə yollar tikməklə yanaşı şəhər planlaşdırıcıları dəvət etmək lazımdır. Yeri gəlmişkən, bu ilin fevral ayında ABŞ Dövlət departamentinin dəvəti ilə bu olkəyə səfər etməmişdən əvvəl və səfərdən sonra da ABŞ səfirliyində bizə bildirdilər ki, Azərbaycanda şəhərsalma ilə bağlı və memarlıqda hər hansı qolobal problemlərlə bağlı ABŞ dövlətinin hesabına Azərbaycana istənilən mütəxəssisi dəvət etmək mümkündür.
- Bir daha paytaxtın tıxac probleminə qayıdaq...
- Deyirik ki, bizdə sürücü mədəniyyəti yoxdu - bu, çox yumşaq deyimdir. Mən deyərdim ki, bizdə sürücü mədəniyyətsizliyi, sürücü tərbiyəsizliyi var. Nyu-York şəhərində müvəqqəti tıxacları çox az görmək olar, o da ya səhər tezdən, ya da axşam, işdən sonra. Mənim üçün çox təəccüblü oldu - 300-500 metrdən çox olan binaların arasında avtobil yolunun eni 6 metr olduğu halda tixac yoxdu. Məlum oldu ki, bu şəhərdə yüksək həyat səviyyəsi olsa da, sakinlərin 80%-nin avtomobili yoxdu. Avtomobil alıb şəhərdə tıxac yaradaraq ora düşməkdənsə, taksi və ya başqa ictimai nəqliyyatdan istifadə edərlər. Bunu şüurlu şəkildə şəhərə problem yaratmamaq prinsipi ilə edirlər. Bizdəsə şüurlu surətdə hər şeyi pis edirlər. Yaxındakı bazara şəxsi avtomobilində gedir, qadağan olunmuş yerdə saxlayır, "olmaz" deyəndə, deyir "bəs harda saxlayım?" Fikirləşir ki, dövlət gərək onun avtomobilinə dayanacaq düzəltməlidi. Fikirləşmir ki, dayanacaq kimin tərəfində tikilməsindən asılı olmayaraq kommersiya məqsədli olur. Avtobobil alanlara onu demək istərdim ki, maşın almamışdan qabaq fikirləşsin ki, onu harda saxlayacaq. Avtobobillərin şəhərdə çox olması ilə əlaqədar bir təklif də verərdim. Müəyyən etmək lazımdır ki, bir avtomobil bir ayda orta hesabla ailəsinin işi üçün nə qədər benzin işlədir. Yanacaqdoldurma məntəqələrində benzin satışını kart sisteminə keçirmək, normadan artıq alınan benzini 2-3 dəfə artıq qiymətə satmaq, rəsmi sayğacla işləyən taksilərə benzini 2 dəfə ucuz satmaq gərəkdir. Şəhərə avtobuslarla yanaşı lüks salonlu minibaslar da buraxmaq lazımdır. Belə lükssalonlu marşrut taksisi olan yerdə kimsə şəhərin bir başından o biri başına öz avtomobili ilə getməz...
Hüquq Salmanov
http://online.ekspress.az/2014/07/26/get=126019