Если на протяжении веков архитекторы давали преимущество внешней красоте зданий и памятников, уже в новом тысячелетии это отходит на задний план и превалирует философский подход к решению вопросов архитектуры. Отрадно, что в определении критериев современной мировой архитектурной философии, азербайджанские специалисты успешно выступают на международных конкурсах, где условия конкуренции очень высоки, создают возможность рассказывать об успехах азербайджанских архитекторов с высоких трибун.
Əgər əsrlər boyu memarlar ucaltdıqları bina və abidələrin xarici gözəlliyinə üstünlük verirdilərsə, artıq yeni minillikdə bu yanaşma arxa plana keçərək yerini memarlığın
fəlsəfi həllinə təhvil verir. Sevindirici haldır ki, müasir dünya arxitekturasının mürəkkəbləşən fəlsəfi meyarlarının təyin edilməsində azərbaycanlı mütəxəssislər uğurla çıxış edir, şərtləri o qədər də asan olmayan beynəlxalq müsabiqələrdə Azərbaycanın adının yüksək tribunalardan çəkilməsinə şərait yaradırlar. Belə memarlardan biri Amerika Tikinti Dizaynı İnstitutunun üzvü, nüfuzlu beynəlxalq ARDA (American Residential Desizn Awards) müsabiqəsinin ikiqat qalibi İlqar Əliyev (www.architecture.az) redaksiyamızın qonağı olmuşdur.
Azərbaycan Memarlar İttifaqının və Amerika Tikinti Dizaynı İnstitutunun (The American Institute of Building Design - AIBD) üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi İlqar Əliyevin "Bütün ailə üçün böyük ev" layihəsi ABŞ-ın Kaliforniya ştatında keçirilən müsabiqədə "Konseptual Dizayn" nominasiyasında qalib gəlib. İki - böyük və balaca adada yerləşərək körpü vasitəsilə birləşən fərdi evin layihəsi komissiyanın 20-dən artıq üzvü və 6 nəfərdən ibarət münsiflər heyətinə böyük bir ailənin yaşlı və gənc üzvlərinin birlikdə yaşamasının mümkünlüyünü sübut edib. İlqar müəllim uğurunun Şərq fəlsəfəsindən bəhrələndiyini qeyd edir:
- Bildiyiniz kimi, Qərb dünyasında gənclər adətən sərbəst və ayrı yaşamağa cəhd edir, valideynlər isə bir qayda olaraq tənhalıqları ilə barışmaq məcburiyyətində qalırlar. Nəsillər arasındakı təzadlar və qarşılıqlı inkar əslində dünyanın istənilən nöqtəsində minilliklər boyu mövcuddur.
Əsrlər boyu qocaların arxasız, gənclərin isə həyat təcrübəsi zəngin valideynlərinin himayəsindən kənarda qalmasını hər iki tərəfi tənhalığa məhkum edən amil kimi qəbul edən müdrik Şərq fəlsəfəsinə söykənən memar öz layihəsində iki adadakı qoşa binanı körpü ilə birləşdirməkdən daha çox nəsillər arasında qırılan bağlılığı bərpa etməyə cəhd edir. O, ünsiyyət qurmaqda və razılığa gəlməkdə zaman-zaman çətinlik çəkən fərqli insanların - gənc və qocaların istədikləri vaxt birlikdə, lazım gələndə isə ayrı yaşamasına bir binanın hüdudlarında imkan yaradır. Dizayn üzrə Amerika Mükafatı (American Residential Desizn Awards) 50 ildən artıq Ümumdünya Dizayn Müsabiqəsi çərçivəsində Amerika Tikinti Dizaynı İnstitutu tərəfindən 48 ölkənin iştirakı ilə keçirilir.
Müstəqillik və azadlıq sərhədləri aşmağa, dünya təcrübəsində müsbət nə varsa öyrənməyə imkan verir. Bu baxımdan memarlarımızın və şəhərsalma üzrə mütəxəssislərimizin beynəlxalq əlaqələri son illər genişlənməkdədir. Bu yaxınlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup müəllimi ABŞ Dövlət Departamentinin maddi dəstəyi ilə "Liderlik" proqramı çərçivəsində Amerikanın şəhərsalma təcrübəsi ilə tanış olmaq üçün ABŞ-ın Vaşinqton, Nyu York və Ayova şəhərlərində olublar, şəhərsalma sahəsində ixtisaslaşan memarlıq universitetlərində müasir şəhərsalmanın problemləri, tədris metodikasının bizdən fərqli müsbət və mənfi çalarları ilə tanış olublar.
İlqar müəllim ABŞ-da, məsələn, elə Vaşinqton şəhərində abadlıqlarla yanaşı asfaltı dağılmış yollara rast gəldiklərindən də danışır:
- Birləşmiş Ştatlarda şəhərlərdəki abadlıq işləri, yolların çəkilməsi bizdə olduğu kimi mərkəzləşmiş qaydada dövlət tərəfindən aparılmır. Bütün işlər yerli bələdiyyələrin vəsaitləri hesabına həyata keçirilir. Yəni bələdiyyələr vergiləri toplayır, qazancını hesablayır, yalnız vəsait imkan verən halda müəyyən işlər görülür. Nyu Yorkun özündə çat olan, asfaltı qopan yollara rast gəldik. Hətta biz Ayova ştatında olanda təbii fəlakət nəticəsində Ayova şəhərinin yarıdan çoxu çay daşqını altında qalmışdı. Bizə izah etdilər ki, ziyan çəkənlər öz hesablarına və sığortalandıqları şirkətlərdən aldıqları sığortaların hesabına daşqının fəsadlarını aradan qaldıracaqlar. Dövlət isə hadisələri nəzarətdə saxlayır, idarə edir, humanitar yardımları və könüllüləri gərgin nöqtələrə istiqamətləndirir. Mən Azərbaycan təcrübəsindən - daşqınların qarşısını almaq üçün Kür çayının yatağının dövlət tərəfindən qazılıb dərinləşdirilməsindən danışanda amerikalı həmkarlarımız izah etdilər ki, bunun üçün çox böyük vəsait lazımdır və yerli bələdiyyənin buna gücü çatmaz. Çay hərbçilərin nəzarətində olduğu üçün bu işi də yalnız həmin çayda böyük gəmiləri üzən hərbçilər görə bilərlər. Bizdə təbii fəlakətlər dövlət səviyyəsində müzakirə edilir, zərərçəkənlərə ciddi yardımlar ayrılır, bütün görülən işlərə görə dövlət qurumları məsuliyyət daşıyır, müxtəlif nazirliklər, komitələr gördükləri işlərin hesabatını verirlər.
ABŞ-da varlıların yaratdığı cəmiyyətlər diqqətimizi cəlb etdi. Şəhərlərdə imkanlı adamlar şuralarda birləşərək həllini gözləyən məsələlərə maliyyə yardımı ayırırlar. Nyu York kimi çox varlı və zəngin şəhərdə belə bir şuranın ofisində olduq, onların şəhərin planlaşdırılmasında gördükləri böyük işlərlə tanış olduq.
ABŞ-da şəhərlərin genişlənməsi, yeni binaların tikilməsi, köhnələrin sökülməsi müəyyən kapitala malik şirkətlər və ya varlı adamlar tərəfindən həmin ərazidə yaşayan sakinlərin razılığı ilə həyata keçirilir. Vaşinqtonda sökülməsi nəzərdə tutulan köhnə bina yalnız bir sakinin etirazına görə uçurulmadı. Bu şəhərdə bizə maraqlı bir faktı da dedilər ki, kvartallardan birinin planlaşdırılmış layihəsi bir nəfər qadının bəyənmədiyinə görə qəbil olunmadı.
Nyu York şəhərində indi də göydələnlər tikirlər, lakin inşaat işləri elə aparılır ki, ətrafda yaşayan sakinlər üçün, demək olar ki, heç bir narahatlıq yaranmır. Kran tikinti meydançasının ortasında qurulur, bina ucaldıqca o içəridə qalır, görünmür, təhlükə və narahatlıq yaratmır, tikinti başa çatdıqda isə sökülür, yerində liftlər qurulur. Zibildaşıyan maşınlar da binanın altına girir, zibili sakitcə götürüb gözə dəymədən gedir.
Azərbaycan memarları ABŞ-da şəhərsalma problemləri ilə bağlı bir sıra universitetlərdə olublar. Bu sahə ciddi inkişaf edir, güclü mütəxəssislər yetişdirilir və onlar şəhərlərin böyüməsində, genişlənməsində biliklərini tətbiq edirlər. Orada şəhərlərin planlaşdırılması sahəsində maraqlı təcrübə var. Əgər hər hansı bir kvartalda yeniliklər nəzərdə tutulursa, memardan əvvəl şəhər planlaşdırıcıları gəlir, burada yaşayanların yaş və sosial vəziyyətini öyrənir, memarlar üçün ideyalar təklif edir və texniki tapşırıqlar hazırlayırlar. Müəyyən müddət - 5 və ya 10 ildən bir böyük şəhərlərin inkişafı planlaşdırılır, müəyyən düzəlişlər edilir. Planlaşdırıcılar yerli əhalinin müraciəti əsasında bütün bir yaşayış kvartalının və ya mikrorayonun görkəmini və ya müəyyən hissələrini dəyişə bilərlər. Bu nəyə görə lazımdır? ABŞ şəhərlərində inkişafı arzuolunan səviyyədən geri qalan müəyyən yaşayış massivləri "depressiv rayonlar" kateqoriyasına aid edilir. Belə ərazilərdə yaşamaq digərlərinə nisbətən təhlükəli olur. Məsələn, ərazilər pis qorunur, cinayət hallarının artması tendensiyası müşahidə olunur. Xoşagəlməz hadisələr baş verir, insanların həyat səviyyəsi aşağı düşür. Belə rayonlarda polis cinayətkarlığın qarşısını almaqda maraqsız olur, zibili yerə atmaq üstündə cərimə etmirlər. Çünki bu işləri görmək üçün bələdiyyələrin polisə və digər qurumlara ödəməyə kifayət qədər vəsaiti olmur.
O zaman köməyə yuxarıda adını çəkdiyimiz planlaşdırıcılar gəlir, "depressiv yaşayış massivləri" ilə bağlı müəyyən təkliflərini hazırlayırlar. Əsas məqsəd həyat səviyyəsini qaldırmaq, bu ərazilərə insan axınını artırmaq olur. Müəyyən ticarət şəbəkələrinin, istirahət ocaqlarının, meydançaların yaradılması təklif edilir. Məsələn, şənbə və bazar günləri həyatı canlandırmaq, bayram şənlikləri keçirmək üçün yaşıllıq zolağının yerinə şənlik meydançaları yaradıla bilər ki, cinayətkarlar həmin ərazidə özlərini sərbəst hiss etməsin və insanların çoxluğundan ehtiyatlanıb fəaliyyətlərini məhdudlaşdırsınlar. Adətən belə tədbirlər öz müsbət nəticələrini verir. Yeni obyektlər əlavə gəlir yaradır, fiziki şəxslərlə bərabər bələdiyyələrin də gəliri artır. Yeni gəlir mənbələri "depressiv əraziləri" tədricən abadlaşdırır, nəzarətin güclənməsinə və cinayətkarlığın azalmasına dəstək verir.
İlqar müəllim maraqlı bir faktı da belə qeyd edir:
- Bizi təəccübləndirən amillərdən biri də Nyu York kimi nəhəng şəhərdə tıxacların görünməməsi oldu. Bura dünyanın ən bahalı şəhərlərindən olsa da, sakinlər şəxsi minik vasitələrindən az istifadə edirlər. Əsas nəqliyyat vasitəsi metro olsa da, yenə də onun genişləndirilməsinə, əlavə xətlərin cəkilməsinə 70 milyarda yaxın vəsait ayrılıb. Əksəriyyət işə metroda və ya taksidə gedib-gəlir. İctimai nəqliyyat səlis işləyir. Əlbəttə, Bakıda metro şəbəkəsi sürətlə genişləndirilir, qoyulan vəsait də ciddi məbləğdir. Digər tərəfdən, bir sıra Qərb dövlətlərinin məşhur şəhərlərindəki kriminogen və ya "depressiv rayonlar" bizim mentalitetimizə yaddır. Lakin Bakı ilə bağlı müəyyən yeniliklər haqqında düşünməyə dəyər. Şəhər zonalara bölünə bilər, dükan və ticarət mərkəzləri profilinə görə pərakəndə yox, müəyyən ərazilərdə yerləşə bilər. Sən dəqiq bilirsən ki, filan mallar filan küçədəki dükanlar şəbəkəsindədir. Yəni bir şey üçün kor-koranə yüz yerə maşın sürüb tıxacların yaranmasına bais olmursan.
2013-cü ildə Sankt-Peterburq şəhərində Memarlıq Təhsilinə Regionlararası Dəstək ictimai təşkilatının qərarı ilə keçirilən müsabiqələrdə Bakı şəhərinin baş memarı tərəfindən seçilən Azərbaycan Memarlıq və İnşaat Universitetindən 20-yə yaxın tələbənin işi göndərilib. Tələbələrimizin bu müsabiqələrdə ardıcıl iştirakı və qələbəsi nəticəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə XXIII Beynəlxalq MOOSAO müsabiqəsinin bu il Bakıda keçirilməsinə iştirakçıların 99 faizi qərar vermişdir. Bütün bunlar Azərbaycanda memarlığın perspektivli sahə kimi inkişaf etdiyini deməyə əsas verir.
Müasir dünyada memarlıq, şəhərsalma ən aktual, çox müzakirə olunan və heç zaman diqqətdən düşməyən mövzulardır. Bu baxımdan İlqar müəllim paytaxtımızda memarlığın uğurlu inkişafı haqqında fikirlərini bizimlə bölüşdü:
- Bəziləri Bakıda dünyanın məşhur memarlarının layihələri ilə binalar ucaldılmasını başa düşməkdə çətinlik çəkirlər. Uzun illər ölkəmizdə əvvəlcə klassik, sonra isə sovet memarlığı aparıcı rol oynayıb. Memar təxəyyülü bir qayda olaraq kubşəkilli, kvadrat binalara köklənib. Ancaq nəzərə almaq lazımdır ki, müasir memarlıq standart təfəkkürü dağıdır, alışdığımız dördkünc formadan imtina edir, heyrətamiz layihələrlə çıxış edir, təəccübləndirməyi bacarır. Ərəb mənşəli ingilis memarı Zaha Hadidin Heydər Əliyev Mərkəzini gözünüzün önünə gətirin. Mərkəz unikal gözəlliyi ilə seyrçini valeh edən bənzərsiz sənət nümunəsidir. "Crystal Holl", "Alov qüllələri" həddən ziyadə fərqli və cəsarətli memar təxəyyülünün məhsuludur. Dünyanın ən məşhur və həm də bahalı memarlarının layihələri paytaxtımız üçün bir neçə məqamdan qiymətlidir. Birincisi, bu tikililər Azərbaycan memarlarının yaradıcılığına yeni ideyalar kimi ciddi təsir edir, onları stereotiplərdən qaçmağa, fərqli ideyalar ortaya qoymağa sövq edir. Digər bir tərəfdən isə Bakıya gələn qonaq və ya Azərbaycanla müxtəlif saytlarda tanış olan minlərlə əcnəbi bu şəhərdə dünyanın məşhur memarlarının reallaşan layihələrini gördükdə ölkəmizə maraqları artacaq, buranı görməyə can atacaq.
Əslində bu bizim üçün yenilikdən başqa həm də memarlara bir çağırışdır. İnsanların təfəkküründə, zövqlərində dönüş yaranır, onlar yeniliklərin marağında olurlar. Sadə bir fakta fikir verək. Uzun illərdir ki, bizdə insanlar bir qədər mühafizəkar, qapalı yaşamağa meyil edirlər. Adətən bütün tikililər hasara alınır. Bunu da, təbii ki, təhlükəsizlik məqsədi ilə edirlər. Lakin unutmaq lazım deyil ki, indi orta əsrlər deyil, divar nə qədər uca olsa da, onu aşmaq çətin deyil. Əksinə, belə hasarlar oğrular üçün daha əlverişlidir. Çünki həyətə düşən oğrunu heç kim görmür və o, daha qorxusuz hərəkət edə bilir. Qərbdə isə əksinə, bütün tikililər açıqdır, binaya oğrunun girməsini, onun hərəkətini çoxları görə bilir. Çox güman ki, zaman dəyişdikcə zövqlər də dəyişəcəkdir.
Bu baxımdan bizə Bakıda Füzuli küçəsində tikililərin sökülməsi, yeni parkların salınması deməyə əsas verir ki, şəhərsalma ölkənin paytaxtında uğurla inkişaf edir. Sovetski məhəlləsinin yenidənqurulması da şəhərin mərkəzini əsaslı surətdə dəyişdirəcək.
Ayaq basdığınız istənilən şəhəri, ölkəni xarakterizə edən ilk amil onun insanları yox, şəhərləri, binaları olur. Qarşımıza çıxan binalar, yollar, körpülər gəldiyimiz ölkənin həyat səviyyəsi, mədəniyyəti haqqında ilkin təsəvvürləri yaradır. Son 20 ildə paytaxtın siması tanınmaz dərəcədə dəyişmişdir. Maraqlısı odur ki, müasir dünya memarlığından, yeni ideyalardan bəhrələnən Bakı qürur gətirən bir sürətlə inkişaf edir.
Bahadur İMANQULİYEV,