Müasir şəhərsalma yanaşmaları həm keçmişin təcrübəsinə, həm də gələcəyin çağırışlarına əsaslanmalıdır. Azərbaycanda bu sahədə yeni baxışların formalaşmasına ehtiyac var və bu prosesdə xüsusilə praktik memarlar mühüm rol oynaya bilərlər. Ölkədə şəhərsalma yanaşmalarında hələ də sovet dövründən qalma müəyyən stereotiplər hiss olunur. Uzun illər formalaşmış bu modeldən çıxmaq, dünyada baş verən müasir tendensiyaları öyrənmək və tətbiq etmək vacibdir. Çünki bu gün şəhərlər sadəcə yaşayış məkanı deyil, həm də ölkənin imicini formalaşdıran əsas elementlərdən biridir. Buna görə də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün önəmli hadisə olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının üzvü, memar İlqar Əliyev səsləndirib.
Memar qeyd edib ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin inkişafını və potensialını nümayiş etdirmək baxımından əhəmiyyətlidir: “Böyük və estetik layihələr şəhərin gücünü, iqtisadi və mədəni səviyyəsini göstərir. Memarlıq yalnız gözəllik yaratmaq üçün deyil, həm də cəmiyyəti ifadə etmək üçündür. Müasir şəhərsalma ekoloji yanaşma ilə sıx şəkildə əlaqələndirilməlidir. Ekologiya yalnız yaşıllıq demək deyil. Bu, canlı və cansız mühit arasında balansın qorunmasıdır. Yeni tikililər zamanı həmin ərazilərdə mövcud olan təbii həyat nəzərə alınmalıdır. İnsan fəaliyyəti təbiətə minimum zərər verməlidir”.
İlqar Əliyev vurğulayıb ki, dünyada artıq şəhərlərin daha az məhsuldar və ya istifadəsiz ərazilərdə salınması tendensiyası güclənir: “Məhsuldar torpaqları qorumaq üçün şəhərlər qayalıq, səhralıq və ya kənd təsərrüfatına yararsız sahələrdə inkişaf etdirilə bilər. Bu, həm ekoloji balansı qoruyar, həm də resurslardan daha səmərəli istifadə imkanı yaradar”.
Memar əlavə edib ki, gələcəyin memarlığında materiallardan səmərəli istifadə əsas prinsiplərdən biri olmalıdır: “Az materialla daha funksional və davamlı layihələr hazırlamaq lazımdır. Minimalizm yalnız estetik yanaşma deyil, həm də resursların qorunması deməkdir”.
İlqar Əliyev müasir memarlıqda innovativ layihələrin mümkünlüyünə də diqqət çəkib: “Artıq elə konsepsiyalar var ki, yaşayış sahələri ilə təbiət inteqrasiya olunur – çoxmərtəbəli binalarda yaşıllıq zonaları, açıq məkanlar, hətta miniekosistemlər yaradılır. Bu cür yanaşmalar şəhər həyatının keyfiyyətini əhəmiyyətli dərəcədə artırır”.
Memarın sözlərinə görə, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi bu sahədə irəliləyiş üçün əsas şərtlərdəndir. Bu baxımdan WUF13 dünyanın bu sahədə önəmli insanlarını bir araya gətirərək təcrübə mübadiləsi üçün əlverişli platformaya çevriləcək: “WUF13 Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahələrində qazandığı təcrübəni dünyaya təqdim etmək imkanı yaradacaq. Eləcə də xarici təcrübə ilə tanış olmaq üçün fürsətlər verəcək. Xarici memarların ideyaları ilə tanış olmaq, eyni zamanda, yerli təcrübəni paylaşmaq gələcək şəhərlərin daha dayanıqlı və innovativ qurulmasına imkan verəcək”, - deyə İlqar Əliyev vurğulayıb.
Müxbir – Pərvanə Qafarova
Sayt materiallarından istifadəyə yalnız sayta birbaşa aktiv keçid göstərilməklə icazə verilir